QOÇ QƏBiRLƏRi
Ağsu rayonu ərazisində olan orta əsrlər daş qoç heykəlləri böyük maraq doğurur. Ağsu rayonunun Padar kəndində Mustafa dağı deyilən yerdəki qəbiristanlıqda belə qəbirüstü qoç fiqurları vardır. Azərbaycan ərazisində qoç və at fiqurlarının təsvir olunduğu qəbirüstü abidələrə tez-tez rast gəlinir. Bu tip qəbir abidələri Cənubi Qafqazda, şərqi Anadoluda, Orta Asiyada, Sibirdə, Altayda geniş coğrafi məkanda yayılmışdır.
Qoç lap qədim zamanlardan xalqımızın folklorunda bolluq, bərəkət, qələbə və güc rəmzi olmuşdur. Qeyd etmək lazımdır ki, daş-qoç fiqurları barədə ilk məlumatlara XVIII-XIX əsrlərdə respublikamızın ərazisini gəzmiş xarici ölkə səyyahlarının yazılı mənbələrində rast gəlirik. Hazırda Naxçıvan, Laçın, Kəlbəcər, Gəncə, Qazax, Ağdam, Tovuz, Zəngəzur ərazisində aşkar olunmuş daş-qoç, daş-at sənət abidələri maraqlı və müxtəlifdir.
Belə monumental fiqurlardan biri Novcu kəndinin cənubunda Şeyx Əziz qəbiristanlığındadır. Lakin yerlilərin dediyinə görə burada bir yox, bir neçə belə qəbirüstü daş-qoç fiqurları olmuşdur. Son vaxtlar təsərrüfat işləri zamanı bu nadir daş abidələr məhv edilmişdir. Qoç heykəllər Ağqoyunlu, Qaraqoyunlu orta əsr Azərbaycan dövlətlərinin mədəniyyət tarixi ilə bağlı abidələrdir.
Ağsu orta əsr şəhəri
Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır.
1734-cü ilin yayında Nadir şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət etdi. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərə bildi. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi əmrini verdi. Beləliklə, 1735-ci il may ayının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km) yeni şəhərin əsası qoyuldu. Bu, Ağsu (Yeni Şamaxı) şəhəri idi. Hansı ki, Şamaxı əhalisi də tikilən bu yeni şəhərə köçürüldü. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu.
Ağsu şəhərində evlərin alçaq və gildən tikildiyi haqqında məlumat verən son orta əsr müəllifləri burada əlvan ipək parçalar, qızıl və gümüşlə işlənmiş müxtəlif çeşidli malların satıldığı şəhər bazarından da bəhs edirlər. Avropa və rus tacirləri Ağsuya gəlir, qalay, mis, xəz ticarəti edirdilər.
1743-cü ildə Şirvanda Nadir şaha qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr - I, II və III Sam Mirzələr meydana çıxdı ki, onlardan da ikisi Şirvanda fəaliyyət göstərirdi.
I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt etdi. O, xalqı Nadir şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. Lakin, Nadir şahın oğlu Nəsrullah Mirzə ilə I Sam Mirzə arasında Şirvan düzündə baş verən döyüşdə I Sam Mirzə öldürüldü.
II Sam Mirzə Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə 1743-cü ilin oktyabrında Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra nəhayət top atəşi ilə ələ keçirə bildi. Bununla da çiçəklənən Ağsu şəhərinə ilk zərbə dəymiş oldu. Şəhərdə az sayda insan qalmışdı ki, onların da çoxunu əsir alıb şəhəri tamamilə qarət etdilər. Əhali bu günü "Allahdad" (Allah köməyə çat) adlandırdı.
Nadir şahın öldürülməsindən (1747-ci il) sonra onun Şirvandakı naibi Zərnavalı (Zərnava İsmayıllı rayonunda kənddir) Hacı Məhəmmədəli Sofu Nəbi oğlu 1748-ci ildə Ağsuda hakimiyyəti ələ keçirdi və Şirvan xanlığını yaratdı. Oturaq əhali onun hakimiyyətini tanıdı. Lakin Şirvanda əsas hərbi gücü təşkil edən elat Hacı Məhəmmədəli xanın hakimiyyətini tanımadı. Elat Xançoban mahalından olan, şimalda Altıağacdan cənubda Navahıya qədər ərazinin irsi mülkiyyətçisi qəbul edilən və Sərkar ailəsi adlandırılan Allahverdi bəyin övladlarını söz sahibi hesab edirdi. Allahverdi bəyin gənc övladları Ağası bəy, Məhəmmədsəid bəy və Ağarəzi bəy isə xanlıq titulları olmadığı və tarixi Şirvan dövlətini yenidən dirçəltməyi qarşıya məqsəd qoymuş Şəki xanı Hacı Çələbi xanın siyasi görüşlərini bəyəndikləri üçün onun hakimiyyətini tanıyırdılar. Sərkar ailəsi Şamaxını (Köhnə Şamaxı) iqamətgah seçmiş, burada Nadir şah tərəfindən söndürülmüş şəhər həyatını yenidən dirçəltməyə başlamışdı.
1749-cu ildə Əhməd xan Şahsevənin başçılıq etdiyi qoşun Köhnə Şamaxı şəhərinə yaxınlaşdı. Əhməd xan Şahsevənin daha cənubda olan Ağsuya deyil, Şamaxıya hücum etməsi onun Şirvan xanı elan edilmiş Hacı Məhəmmədəli xanı dəstəklədiyini və ona dəstək yürüşü həyata keçirdiyini göstərir. Ağarəzi bəy Əhməd xanın qardaşı Məhəmmədrza xanı üzbəüz döyüşdə öldürdü. Əhməd xan intiqam almaq üçün özü meydana atıldı. Ağarəzi bəy onu bərk yaraladı. Əhməd xan məğlub olub geri qayıtmaq qərarına gəldi. Lakin şəhərin yarım ağaclığında vəfat etdi. Bu döyüşlər zamanı Şəki xanı Hacı Çələbi xan və Qarabağ xanı Pənahəli xan Sərkar ailəsini dəstəkləmiş, hərbi qüvvələri ilə kömək göstərmişdilər.
Sərkar ailəsi faktiki olaraq Şirvan xanı hesab edilən Hacı Məhəmmədəli xanı devirmək və Ağsunu ələ keçirmək istəyirdi. Onlar bu məqsədlərinə çatmaq üçün Şəki xanı Hacı Çələbi xana arxalanırdılar. 1755-ci ildə Hacı Çələbi xan böyük bir qüvvə ilə Ağsuya yaxınlaşdı və şəhəri mühasirəyə aldı. Ağsu uzun müddət mühasirədə qaldı. Hacı Məhəmmədəli xan Quba xanı Hüseynəli xandan kömək istədi. Abbasqulu ağa Bakıxanovun təbirincə desək “3000 nəfər Quba qoşunu və usmi Əmir Həmzənin 500 nəfərlik qüvvəsi iki düşməni barışdırmaq üçün” Ağsuya gəldi. Şirvan-Şəki münasibətlərinə yeni xanın - Hüseynəli xanın qarışmasından Hacı Çələbi xan və Ağarəzi bəy heç də xoşlanmadı. Hacı Çələbi xan Hacı Piri adlı bir nəfəri elçi göndərərək Hüseynəli xanı hədələdi və geri qayıtmağı təklif etdi. Hüseynəli xan geri qayıtmadıqda ağır döyüşlər başlandı. Lakin Hacı Çələbi xanın qüvvələri məğlub olaraq Şəkiyə geri çəkildi. Ağsuda 3 gün Hüseynəli xanın şərəfinə ziyafət verildi. Qalanın açarları ona təqdim edilsə də, qəbul etmədi. Bu, şirvanlılar arasında Hacı Məhəmmədəli xanın dayaqlarının zəif olduğunu və Hüseynəli xanın bunu aydın gördüyünü göstərir. Ağsu döyüşündəki məğlubiyyətdən az sonra Hacı Çələbi xan vəfat etdi. Onun müttəfiqi Ağarəzi bəy isə Quba xanlığı timsalında özünə yeni rəqib tapmış oldu.
1758-ci ildə Hüseynəli xan da vəfat etdi. Ağarəzi bəy Quba xanlığında yaranmış qarışıqlıqlardan istifadə edərək Ağsu məğlubiyyətinin əvəzini çıxmağa cəhd etdi. Quba xanlığının Bərmək mahalına hücum edən və əhalisini qarət edən Ağarəzi bəy 200 ailəni Şirvan xanlığına köçürdü. Hüseynəli xanın oğlu Fətəli xan qisas almaq məqsədilə Şirvan xanlığına hücum etdi. Ağarəzi bəy Köhnə Şamaxının yaxınlığında məğlub edildi və öldürüldü. Fətəli xan Köhnə Şamaxını bir neçə ay mühasirədə saxladıqdan sonra Şirvan elatını qarət etdi və bir hissəsini Quba xanlığına köçürdü.
1763-cü ildə Şirvan xanlığını, xüsusilə Ağsu şəhərini şiddətli taun xəstəliyi bürüdü. Bu xəstəlikdən çox adam tələf oldu.
1765-ci ildə Şirvan elatına arxalanan Sərkar xanədanından Məmmədsəid bəy və Ağası bəy bütün İrana və Azərbaycana sahib olmuş Kərim xan Zənddən xanlıq titulu ilə əlaqədar sənəd aldılar. Məmmədsəid xan və Ağası xan qardaşları Şirvan xanlığının mərkəzi sayılan Ağsu şəhərinə hücum etdilər. Cah-cəlallı dinc həyata üstünlük verən Hacı Məhəmmədəli xanı öldürdülər və bütün Şirvan xanlığına sahib oldular. Xanlığın mərkəzi Ağsudan Şamaxıya köçürüldü. Bölgüyə görə Məmmədsəid xan xanlığın mərkəzini - Şamaxını, Ağası xan isə mahalları idarə edirdi. Şamaxı yenidən abadlaşdırıldı.
1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xanla birləşərək iki istiqamətdən Şamaxı şəhərinə yaxınlaşdılar. Şəhərin müdafiəsini uzun müddət davam etdirə bilməyən qardaşlar çarəsiz qalıb barışıq üçün düşmənlərinin ordugahlarına getdilər. Lakin Fətəli xan Məmmədsəid xanın, Hüseyn xan isə Ağası xanın gözlərini kor etdi. Fətəli xan Məmmədsəid xanı həbs edərək Dərbəndə göndərdi. Mərkəz Şamaxıdan yenə də Ağsuya köçürüldü. Həm Quba, həm də Şəki xanları tərəfindən iki naib təyin olundu. Beləliklə, Şirvan xanlığı iki hissəyə bölündü. Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissələr isə Quba xanlığına çatdı. Ağası xan Kür çayı kənarındakı Kotevan qalasında məskunlaşdı.
Fətəli xan Hüseyn xanın əldə etdiyi Şirvan xanlığı torpaqlarını da Quba xanlığına qatmaq istəyirdi. Odur ki, yenidən bura hücum etdi, Sərdərin və Həsən mahallarını da Quba xanlığına qatdı. 1769-cu ilin iyulunda xanlığın mərkəzi yenidən Ağsudan Şamaxıya köçürüldü və şəhər abadlaşdırılmağa başlandı. Bu işin həyata keçirilməsi üçün Fətəli xan 6000 adam ayırmışdı.
1774-cü ildə Ağası xan Fətəli xanla qan düşməni olan Qarabağa gəlmiş Avar xanı Novsal xanla birləşərək Şamaxı şəhərini ələ keçirdi. Fətəli xan Bakı xanı Məlikməhəmməd xanla birlikdə Şamaxı üzərinə hücum etdi. Ağası xan geri çəkildi. Novsal xan isə şəhərin yuxarı hissəsində çıxılmaz və çətin bir sığınacaqda gizləndi. Fətəli xan aman vəd edərək Novsal xanı yanına gətirsə də onu qoruya bilmədi. Novsal xanı və tərəfdarlarını Aqquşalı qanlıları öldürdülər. Buna etiraz olaraq Quba xanlığında vəziyyət qarışdı. Fətəli xan Qubaya qayıtmalı oldu. Bundan istifadə edən Ağası xan yenidən Şirvan xanlığına sahib oldu.
Məmmədsəid xan və Ağası xan Fətəli xana tərəfdar olduqlarını və dostluq etmək istədiklərini bildirdilər. 7 ildən bəri Dərbənddə dustaq olan Məmmədsəid xan azad edildi. Şirvan xanlığının mərkəzi yenidən Ağsuya köçürüldü və Məmmədsəid xan orada oturmağa başladı. Ağası xan isə Əlvənddə oturur, buradan mahalları idarə edirdi.
1785-ci ildə Fətəli xan Şəki xanı Məhəmmədhəsən xan və Şirvan xanı Ağası xanla döyüşmək üçün Şirvan xanlığına girmişdi. Qarabağ xanı İbrahimxəlil xandan üz döndərmiş qardaşı Mehralı bəy Fətəli xanın yanında idi. Bir gecə Mehralı bəy Bakı xanlığından Şirvan xanlığına gedərkən yolda Ağası xanın oğlu Əhməd bəylə rastlaşdı, aralarında vuruşma oldu, Mehralı bəy öldürüldü. Fətəli xan onun cənazəsini ehtiramla Qarabağa göndərdi. Bu hadisə İbrahimxəlil xanla Fətəli xanın arasında dostluğa, Ağası xanla düşmənçiliyə gətirib çıxardı. İbrahimxəlil xan və Fətəli xan Ağası xana qarşı birləşdi. Davam gətirə bilməyən Ağası xan məcburən Fətəli xanın hüzuruna gəldi. Ağası xan oğlanları ilə birlikdə həbs edilərək Qubaya göndərildi.
Məmmədsəid xan qardaşının aqibətinin gec-tez onu da haqlayacağını bilirdi. 1787-ci ildə Fətəli xan Ağası xanı Əhməd bəy və Məhəmməd bəy adlı oğlanları ilə birlikdə hakim təyin etmək bəhanəsilə Qonaqkəndə gətirdi. Məmmədsəid xan Həsən mahalına, oradan Qəbələyə getdi. Fətəli xanı yeznəsi Məhəmmədrza bəy qarşıladı. Fətəli xan Ağası xanı oğlanları ilə birlikdə Bakıya göndərdi. Özü isə Ağsuya gəldi və Məhəmmədrza bəyi Şirvan xanı təyin etdi. Əslində isə hakimiyyət öz əlində idi.
Fətəli xan Məmmədsəid xanı və oğlanlarını, Ağası xanın oğlu Mustafa bəyi Şəki xanı Məhəmmədhəsən xandan istədi. İşlərin xeyrinə olmadığını başa düşən Məmmədsəid xan Fətəli xanın yanına gəlməli oldu. O, dustaq kimi iki oğlu – Mahmud bəy və İsgəndər bəylə Salyana, Məhəmmədrza xan isə Qubaya göndərildi.
Bu hadisələr zamanı Məmmədsəid xanın oğlanları Əsgər bəy və Qasım bəy, Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. Lakin onlar ələ keçirilmiş və Fətəli xana çatdırılması üçün Şirvan xanlığına göndərilmişdilər. Xan oğulları Göyçay yolu kənarında, Şəki və Şirvan xanlıqlarının sərhəddində Sərkar ailəsinin tərəfdarlarının sayəsində azad olundular. Əsgər bəy, Qasım bəy və Mustafa bəy Cara, oradan Avar xanlığına getdilər. Avar xanı Ümma xanı Şirvan xanlığına əmisi Novsal xanın intiqamını almaq üçün Fətəli xanla döyüşə gətirdilər. Fətəli xan 9 ay Ağsu şəhərində mühasirədə qaldı. Fətəli xanın yanında Ağa Məhəmməd xan Qacarın qardaşı Murtuzaqulu xan Qacar da vardı. O, qardaşından üz döndərmiş, əvvəlcə Bakıya, oradan da mühasirədən iki ay əvvəl Ağsuya gəlmişdi. Fətəli xan öz qızı Pəricahan xanımı və Salyan nahiyəsini Ümma xana verməyə boyun oldu, barışıq əldə edildi. Əsgər bəy, Qasım bəy və Mustafa bəy Qarabağa, oradan Osmanlı Axalkələkinə getməli oldular.
1788-ci ildə Sərkar xanədanına mənsub Məmmədsəid xan iki oğlu (Mahmud bəy və İsgəndər bəy) ilə Salyanda, Ağası xan iki oğlu (Əhməd bəy və Məhəmməd bəy) ilə Bakıda, Məhəmmədrza xan isə Qubada öldürüldü. Ağası xanın övladlarından iki-üç nəfər kor edildi. Həmin il Şəki xanı Məhəmmədhəsən xan Ağsunu mühasirəyə aldı. Hətta Şəki qoşunları Ağsunun bir hissəsinə girdi. Lakin Fətəli xan Quba və Dərbənd qoşunu ilə Məhəmmədhəsən xanı məğlub edə bildi. Məhəmmədhəsən xan Şəkiyə qayıtdı.
1789-cu ildə Fətəli xan şiddətli qızdırmadan vəfat etdi. Hakimiyyətə oğlu Əhməd xan gəldi.
1790-cı ildə Şəki xanı Məhəmmədhəsən xan Quba xanı Əhməd xana qarşı şirvanlılarla birləşdi. Osmanlı dövlətindən Qarabağ xanlığına gəlmiş Əsgər bəy, Qasım bəy və Mustafa bəyi yanına çağıran Məhəmmədhəsən xan Şirvan üzərinə hərəkət etdi. Şirvan xanlığının sabiq xanı Hacı Məhəmmədəli xanın oğlu Manaf bəy də onlara qoşulmuşdu. Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi. Məhəmmədhəsən xan Sərkar ailəsini Şirvan mahallarının, Manaf xanı isə Ağsu şəhərinin hakimi təyin etdi. Müxtəlif vasitələrlə Şirvan tacirlərindən və başqalarından çoxlu mal toplayan Məhəmmədhəsən xan Şəkiyə qayıtdı.
Bir həftədən sonra Sərkar ailəsi Ağsunu ələ keçirdi və Manaf xanı öldürdü. Əmiuşaqlarından yaşca böyük olan Əsgər xan hakimiyyətə gəldi. Mustafa bəy Əlvəndə gedərək Qətran qalasında məskunlaşdı.
Məhəmmədhəsən xan Manaf xanı öldürdüklərinə görə Sərkar ailəsindən incimişdi. 1791-ci ildə Şirvan xanlığını ələ keçirmək üçün Şəki xanı Məhəmmədhəsən xan Quba xanı Əhməd xanla birləşdi. Onlara Dağıstanlı ləzgilər də kömək edirdilər. Onlar Ağsu şəhərini mühasirəyə aldılar. Uzunmüddətli mühasirə, şiddətli istilər və ləzgilərə Əsgər xan tərəfindən təklif edilən 5000 tümən qoşunun arasına ayrılıq saldı. Ağsu mühasirədən beləcə azad oldu.
Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər. Əsgər xan bir müddət dustaq qaldıqdan sonra Şəkiyə qaçıb gedə bildi. Qasım xan Əlvəndə Mustafa bəylə döyüşmək üçün getsə də, məğlub olaraq geri qayıtdı. Qasım xan verdiyi hökmlərlə təbəələr arasında fərq qoymurdu. Şirvan əyanları ona görə də Qasım xandan incik düşürdülər. O, şirvanlılara arxalanmaq əvəzinə Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdərək xalqa məsləhət verirdi. Qasım xan bu yollarla hakimiyyəti əlində saxlayacağını və xanlığın asayişini təmin edəcəyini düşünürdü.
1792-ci ildə Şirvan əyanları Hovuz mahalının naibi Yüzbaşı bəy və Sərdərin mahalının naibi Ömər sultanın təklifi ilə Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qəbələyə, oradan Quba xanlığına getdi.
Mustafa xan Qazıqumuqlu Surxay xan və Ərəşli Şəhabəddin sultanla Şəki xanı Məhəmmədhəsən xana qarşı birləşdi. Məhəmmədhəsən xan güclü müdafiə olunduğundan xanlar geri qayıtmalı oldular.
1794-cü ildə Məhəmmədhəsən xan, Quba xanı Şeyxəli xan və Şirvan xanlığına iddialı Qasım xan birlikdə Ağsu üzərinə hücum etdilər. Ağsu bir neçə ay mühasirədə qaldı. Bir gün güclü yağış yağdı və sel çadırların böyük bir hissəsini məhv etdi. Ordunun vəziyyəti pisləşdi. Mühasirə altında olanlar Sərdərin mahalının naibi Ömər sultanın başçılığı ilə mühasirə edənlərə qarşı hücuma keçdilər. Şeyxəli xan və Məhəmmədhəsən xan öz xanlıqlarına qayıtdılar. Qasım xan isə Quba və Qəbələ arasındakı Qaraburqa dağında qala tikərək orada məskunlaşdı. Qasımxan qalası kimi tanınan həmin müdafiə istehkamının qalıqları İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığındakı dağ keçidində bu gün də qalmaqdadır.
1795-ci ildə Mustafa xan Bakı xanlığının işlərinə qarışmağa başladı. O, Hüseynqulu xanı dəstəkləyirdi. Bakı xanı II Mirzə Məhəmməd xana qarşı Şirvan qoşunu göndərildi. Qoşun neftlə zəngin olan və xanın iqamətgahı yerləşən Balaxanı qalasını ələ keçirdi. II Mirzə Məhəmməd xan Qubaya getdi.
1795-ci ildə Ağa Məhəmməd xan Qacar Muğanın Çehilnam adlı yerində qışladı. Digər xanlar kimi Mustafa xan da məktub və hədiyyələrlə Ağa Məhəmməd xana sədaqətini bildirdi. Lakin Şəki xanı Məhəmmədhəsən xan Mustafa xanı qaralamaq üçün Hacı Seyid bəy adlı elçisini Ağa Məhəmməd xanın yanına göndərdi. Lakin o, Məhəmmədhəsən xanın özündən də şikayət etdi. Mustafa xan Dəvəli sərdar elan edildi və Şirvan xanını cəzalandırmaq üçün göndərildi. Mustafa xan Xançoban obalarını toplayıb Ağsu şəhərini Fit dağına köçürməyi əmr etdi. Yaşayış üçün şəraitin çətinliyi və şiddətli soyuqlar əhalini çətin vəziyyətdə qoydu. Əhalinin bir hissəsi Quba və Dərbəndə getdi. Sərdar Mustafa xan Dəvəli boşaldılmış Ağsu şəhərinə girdi və şəhərdə qalan malları qarət etdi. Buradan Ağdaş mahalına, oradan Xaçmaz mahalına (Oğuz rayonu ərazisindəki Xaçmaz kəndi nəzərdə tutulur) gəldi, Tərkəş kəndində dayandı. Şəki xanı Məhəmmədhəsən xan Səlim ağa tərəfindən devrildiyi üçün o, Sərdar Mustafa xan Dəvəlinin yanına pənah gətirdi. Mustafa xan Dəvəli Məhəmmədhəsən xanın gözlərini çıxardıb, Təbrizə göndərdi. Ağa Məhəmməd xan Qacarın əvvəlcədən əmri belə idi. Bu hadisələr haqqında məlumat almaq üçün Ağa Məhəmməd xan Mustafa xan Dəvəlini yanına çağırdı. Lakin, 200-300 nəfərlik qüvvə ilə cənuba hərəkət edən Mustafa xan Dəvəli yolda Şirvan xanının dəstələrinə rast gəldi. Döyüşdə Sərdar Mustafa xan Dəvəli öldürüldü.
Ağa Məhəmməd xan Qacar qraf Valeryan Zubovun başçılığı ilə Azərbaycana daxil olmuş rus qoşunları ilə döyüşlərə girməkdən çəkinərək İrana qayıtdı. 1795-ci ilin oktyabr ayında qraf Valeryan Zubov Bakıdan Şirvan xanlığına yönəldi. Şirvan xanı Mustafa xan ona tabe olmadı və Ağsu şəhərinin əhalisini yenidən Fit dağına köçürdü. Şirvanın sabiq xanı Qasım xan Hovuz mahalının naibi Yüzbaşı bəyin köməyi ilə Qaraburqa dağından endi və Ağsu şəhərinin yaxınlığında düşərgə salmış qraf Valeryan Zubovun hüzuruna gəldi. Qraf Valeryan Zubov onu Şirvan xanı kimi tanıdı. Rus silahları ilə silahlanmış Qasım xan Mustafa xanı Ağsu şəhərindən uzaqlaşdırdı və Kür çayına tərəf sıxışdırdı. Mustafa xan Qarabağa İbrahimxəlil xanın yanına getdi. İbrahimxəlil xan razı olmasa da, oğlu Məhəmmədhəsən ağa Mustafa xanın tərəfini saxlayırdı.
1796-cı ildə şah elan edilmiş Ağa Məhəmməd xan Qacar Şuşa qalasını və Şirvan xanlığını fəth etmək üçün 100000 nəfərlik ordu ilə hərəkət etdi. O, Əliqulu xanı Şirvana sərdar təyin etdi. Qasım xan ona itaət göstərdi. Qətran istehkamında məskunlaşan Mustafa xan şahın hüzuruna getdi. Bundan qorxuya düşən Qasım xan Şirvandan Şəkiyə qaçdı. Mustafa xan şahın yanında olduğu günlərdə - 1797-ci il iyun ayının 12-də səhər vaxtı saray xidmətçilərindən bir neçə nəfəri şahı öldürdülər.
1798-ci ildə Şirvan xanlığını, xüsusilə Ağsu şəhərini yenidən şiddətli taun xəstəliyi bürüdü. Çoxlu Şirvan sakini tələf oldu.
1806-cı ildə Naibüssəltənə (Abbas Mirzə Qacar) Aslandüz və Qarabağ yolu ilə Şirvan xanlığına hərəkət etdi. Qacar qoşununun keçməsinə mane olmaq üçün Mustafa xanın Kür çayı kənarında yerləşdirdiyi qüvvələri dağıtdı. 6000 ailəyə yaxın Şilyan, Muradxan və s. obaları Muğana köçürdü. Özü Ağsu şəhərinin kənarında düşərgə saldı. Mustafa xan şəhər əhalisini əvvəlcədən əlçatmaz Fit dağa köçürmüşdü. Naibüssəltənə Şirvan xanlığında məqsədinə nail olmayacağını görərək Cənubi Azərbaycana qayıtdı.
XIX əsrə aid mənbələrdə xanlıq dövründə Ağsu şəhərinin əhalisindən xanlıq dövründə aşağıdakı vergilərin alındığı bildirilir:
1. Şəhərdəki iki boyaqxanadan vergi – 5200 manat
2. Tərəzi vergisi – 1500 manat
3. Müharibə vergisi – 1600 manat
4. Gömrük vergisi – 1900 manat
5. At və başqa heyvanların satış vergisi – 900 manat
6. Qab-qacaq satışı vergisi – 160 manat
7. Qırmızı bez satışı vergisi – 220 manat
8. Pambıq satışı vergisi – 300 manat
9. Gön satışı vergisi – 200 manat
10. Boyaq satışı vergisi – 3000 manat
11. Sabun satışı vergisi – 300 manat
12. Şərab satışı vergisi – 230 manat
Beləliklə, ümumilikdə şəhər əhalisindən 15510 manat vergi toplanırdı ki, bunun da böyük əksəriyyəti boyaqçılıqla bağlı vergi idi. Bu da Ağsuda boyaqçılığın geniş inkişaf etdiyini göstərir.
Ağa Məhəmməd şah Qacarın yürüşündən iki il sonra Şirvana gələn Biberşteyn Ağsu haqqında yazırdı: “Ağsu şəhərinin sahəsi kvadrat şəklində olub, eni və uzunluğu 800 addımdır. Şəhərin divarları Şərq üslubunda, dairəvi və kvadrat qaydada bürclərlə əhatə edilmişdir. Şəhərin ətrafına çəkilən hasar çiy kərpicdən tikildiyi üçün möhkəm müdafiə səddi hesab olunmur. 1795-ci ildə Ağa Məhəmməd xan Kür çayını keçib buraya gəlmiş, şəhəri dağıtmışdı”.
Ağsu şəhərində müxtəlif illərdə 5-10 min nəfər əhalinin yaşadığı haqqında mənbələrdə məlumat var. Vadim Leviatov son orta əsr şəhərlərinin əhalisinin sayını müqayisə edərək Ağsu şəhərinin 10 min nəfər sakini ilə bu siyahıya başçılıq etdiyini qeyd edir. Şamaxı əhalisinin böyük əksəriyyətinin Ağsuda yerləşməsi və dağıdıcı ara müharibələrinin digər şəhərlərin əhalisinin azalmasına səbəb olması belə mənzərəni ortaya çıxarmışdı.
1806-cı ildən başlayaraq Ağsu Şirvan xanlığının baş şəhəri kimi əhəmiyyətini itirdi. Getdikcə şəhərin əhalisi azaldı.
XIX əsrin 20-30-cu illərinə aid arxiv sənədlərində Ağsu kənd kimi qeyd olunur. Ağsu kəndi Bölükət mahalına daxil olub, burada 1821-ci ildə 30, 1831-ci ildə 139 ailənin (315-i kişi) yaşadığı göstərilir. Ağsu əhalisi taxıl əkir, tut, üzüm bağlarında (20 bağ) və pambıq sahələrində işləyirdilər. Çar xəzinəsinə vergini yaxınlıqdakı indiki Ağsu şəhərinin yerində mövcud olan Şıxməzid kəndi ilə birlikdə verirdilər. Ağsu kəndində 17 ailə xəzinə kəndlisi, 90 ailə Mustafa xan dövründə Şamaxı şəhəri və Şirvanın digər əyalətlərinin kənd və obalarından gəlmə, 4 ailə maaf, 1 ailə (Şıxəli Maqsud oğlu) xəzinənin çəltik sahələri üzrə mirzə, 1 ailə (Bayram Əliyusif oğlu) kənd yüzbaşısı olduğu üçün hər cür vergidən azad idi. Vergi verən ağsulular isə taxılın onda birini, barama və pambığın beşdə birini malcahat kimi xəzinəyə verirdilər.
Şirvan xan ailəsi Ağsuda mülklərə malik idilər. Mustafa xanın burada 4 kotanı və onlara qoşulmaq üçün 40 öküzü vardı. Onun Ağsudakı torpaqlarını 5 borbor, 5 pərdli və 10 navahılı rəncbər becərirdi. Mustafa xan 1820-ci ildə İrana mühacirət etdikdən sonra Navahılı (14 ailə) və Borbor Paşadarğa obaları (13 ailə) çar xəzinəsinə keçdi.
Ağsu kəndində Mustafa xanın oğlu Cəfərqulu ağaya məxsus 2 kotan və 10 salyanlı rəncbər vardı. Cəfərqulu ağa 1820-ci ildə İrana mühacirət etdikdən sonra bu rəncbərlər Salyan və ya Baramı kəndini saldılar. Onlar xəzinəyə məxsus əkin sahələrində, tut, meyvə bağlarında işləyirdilər.
Mustafa xanın xanımı Güləndam (sənəddə Kiçkinə) xanımın Ağsuda 1 kotanı və 5 xınıslı rəncbəri vardı. Güləndam xanım Mustafa xanla İrana getdikdən sonra bütün mülkləri xəzinəyə keçdi.
XIX əsrin ortalarında Ağsu kəndi bütünlüklə Şıxməzid kəndinin yaxınlığına, indiki yerinə köçmüşdür.
XVIII əsrdə Ağsu şəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olmuşdur. Şəhər getdikcə inkişaf etmiş və XVIII əsrin sonunda Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilmişdir. Səyyah V.Leviatov qeyd edir ki, XVIII əsrin sonunda Yeni Şamaxı (Ağsu) şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi. S.Yegiazarov Ağsu əhalisindən Şirvan xanının xeyrinə 15,510 manat vergi toplandığını qeyd edir. Bu fakt şəhərdə əhaliyə qarşı ağır vergi sisteminin tətbiq olunduğunu göstərir.
Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonunun relyefi dağlıq, dağətəyi və maili düzənliklərdən ibarətdir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir. Dağlıq zonalar çaylar, dərələr və yarğanlarla parçalanmış mürəkkəb relyefə malikdir. Göyçay sahillərindən başlayaraq Pirsaatçaya qədər xırda boz dağlar Şirvan dağ silsiləsini təşkil edir.
Rayonun təsərrüfatında mühüm rol oynayan Ağsu çayı öz mənbəyini Lahıc dağlarından götürür. Çay orta axınında çox dərin, lakin enli dərədən axır. Ağsu şəhərindən cənuba doğru bu çayın vadisi öz formasını itirir. Burada çay süni suvarma əkinçiliyi və bostançılıqla əlaqədar arxlar vasitəsilə xırda şaxələrə parçalnır.
İbrahim Bayramov
AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ
Ağsu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. «Keyfiyyətli, yararlı» mənasında işlənən ağ sözü ilə «çay» mənasında işlənən su sözünün (339, s.528) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.
Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır (85, s.352). XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə (93, s.22) qədim türk dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən (299, s.512) əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ağsu çayı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda çay. «Keyfiyyətli» mənası bildirən ağ sözü ilə çay mənasında işlənən su sözünün birləşmələrindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.
Xançoban mahalı
Xançoban mahalı — Şirvan xanlığınıln bölgələrindən biri. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
Tarixi
Müasir dövrdə İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edən Xançobanı mahalı "qərbdə Girdiman çayı ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur" . Xançobanı mahalına Veysəlli, Mərzili, Alpout, Gorus, Dəlilər və s. adlı kənd və obalar daxil idi. Bu mahala daxil olan Mərzili obası İsmayıl bəyə (Mustafa xanın qardaşına – N.B.) məxsus olmuşdur. Onlar Qarabağdan gəlmə olduqları üçün torpaqları yox idi. Xançobanı əhalisi rəncbərlik edir və əsasən maldarlıqla məşğul olurdular. Şamaxı xanları Xançobanı mahalından olduqları üçün bu obaların əhalisinə vergi təyin etməmişdilər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər. Sonralar bu cür vergi qaydası çar məmurlarını qane etmədiyindən 1820-ci ildə mahalın əhalisi üzərinə pulla ödənilən vergi qoymuşdular.[1]
Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.
1578 – Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub.
Döyüşdə Baba bəy Qaramanlının başçılıq etdiyi Səfəvi qüvvələri qalib gəliblər. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nazarətindəki Dərbəndə geri çəkiliblər.
Bundan öncə (9 sentyabr 1578) Səfəvilər Qanıx (Alazan) çayı sahilində Osmanlını məğlub etmişdi.
Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı itirməsi ilə (1590) nəticələndi.
Ağsu döyüşü
Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5-6-da Ağsu ətrafında baş vermişdir....
Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumun Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə cidi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu.Döyüşün gedişində 1 səhra topu, 1 cəbbəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.